Reseptlər

Nahara nə bişirim deyirsiz? Bəlkə düşbərə?

Düşbərə Bakının sevilən xəmir yeməklərindəndir. Düşbərənin suyu əslində sümüklü qoyun ətini qaynadıb süzməklə hazırlanır. Amma müasir mətbəxdə qoyun əti suyundan çox istifadə edilmir. Əvəzinə müxtəlif ədviyyatlarla dadlandırılmış adi su istifadə edilir.
Xəmir üçün:
• 2 stəkan DoyMak unu;
• 1/2 çay qaşığı duz;
• 1 yumurta;
• 2/3 stəkan ilıq su;
İçi üçün:
• 250 gr çəkilmiş qoyun və ya mal əti;
• 1 kiçik baş soğan(xırda doğranmış);
• 1/2 çay qaşığı duz;
• 1/4 çay qaşığı istiot;
Suyu üçün:
• 3 yemək qaşığı duru yağ və ya kərə yağı;
• 1 kiçik baş soğan. (xırda doğranmış);
• 1 yemək qaşığı tomat;
• Duz;
• 8 stəkan su;
Üstü üçün:
• Xırda doğranmış təzə keşniş və ya quru nanə
Hazırlanması:
• İri qabda un, duz, yumurta və suyu qarışdırıb azacıq unlanmış taxta və ya masaya qoyub, əlinizlə xəmiri yoğurun.
• Xəmir elastik olmalıdır.
• Xəmiri qaba qoyub, üstünü örtün xəmir dincəlsin.
• Xəmir dincələnə kimi için hazırlayın.
• Bir qaba əti, soğanı, duz və istiotu qoyub qarışdırın.
• Masanızı unlayın və xəmiri oxlovla 40 sm olan çox nazik dairəyə açın.
• Açdığınız xəmiri iti bıcaqla 2.5 cm-lik kvadratlara kəsin.
• Hər kvadratın ortasına isə bir çimdik iç qoyun.
• Kvadratın iki əks ucunu bir yerə gətirib, yapışdırın.
• Düşbərə bəzən üçbucaq yox düzbucaq kimi bükülür və sonra düzbucağın iki ucu birləşdirilir.
• Alınan düşbərələri aralı-aralı az unlanmış qaba düzün.
• Düşbərənin suyu üçün yağı qızdırın və soğanı bu yağda yumuşalanadək qızardın.
• Tomat töküb qarışdıra-qarışdıra yarım dəqiqə bişirin.
• Duz əlavə edib təkrar qarışdırın. Sonra isə su əlavə edin və qaynadın.
• Qazın altını bir az azaldıb düşbərələri qazana tökün.
• Təxminən 7-10 dəqiqə ərzində bişirin.
• Hazır düşbərələr suyun üzünə qalxacaq.
• Əgər xəmir yumuşaqdırsa, düşbərəni qazın üstündən alın.
• Hazır düşbərəni kasalara qoyub, üstünə ya təzə keşniş, ya da ki, quru nanə səpin.
Nuş olsun.
Qeyd:
•İçlik olaraq mal və qoyun ətini qarışdıra bilərsiz.
•Bir qaşığa 7-10 düşbərə yerləşir. Bunun üçün düşbərələrinizi bacardığınız qədər balaca bükməyə çalışın.